16 İyun 2020

US nəzarəti altında tiroid incə iynə aspirasion biopsiyası (İİAB)

Tiroid incə iynə aspirasion biopsiyası nədir?

Qalxanabənzər Vəzi düyünlərinin incə iynə aspirasion biopsiyası (İİAB) müayinəsi düyünlü ur xəstəliyi (düyünlü zob) zamanı, düyünlərdə xərçəng hüceyrələrinin varlığının araşdırılması üçün istifadə olunan çox önəmli bir müayinə üsuludur. Əgər İİAB ultrasəs rəhbərliyi altında aparılarsa %95 kimi yüksək dəqiq nəticələrə nail olmaq mümkündür. İncə iynə aspirasion biopsiyası ilk dəfə 1952-ci ildə, İsveçin Karolinska Tibb Mərkəzində həkim Söderström tərəfindən istifadə edilmişdir. Daha sonra, hər sahədə olduğu kimi,1970-ci ildə Amerika Birləşmiş Ştatlarında bu müayinə üsulu istifadə edilmiş və bütün dünyada populyarlıq qazanmış və yayılmışdır. Təəssüf hissi ilə bildirim ki, Ölkəmizdə bu müayinə metodu 2010-cu ildən sonra həkimlərimiz tərəfindən qismən qəbul edilməyə başlansa da, hələ də, çox az istifadə olunur. Statistik məlumatlara görə, incə iynə aspirasion biopsiyası ABŞ-da tətbiq edildikdən sonra tiroid (zob) əməliyyatlarında 50% azalma müşahidə olunmuşdur. Bu da, onu bir daha sübut edir ki, tiroid incə iynə aspirasion biopsiyası gərəksiz cərrahi əməliyyatların qarşısını alan çox dəqiq bir müayinə üsuludur.

Hansı düyünlərə incə iynə aspirasion biopsiyası lazımdır?

Düyünlü ur (düyünlü zob) xəstəliyi olan və düyünün ölçüsünün 1 sm-dən böyük olan, sintiqrafiya müayinəsində soyuq kimi izlənən düyünlərin İİAB müayinəsi mütləqdir. Çox nadir hallarda 1 sm-dən kiçik düyünlərin biopsiyası oluna bilər, lakin bunun üçün boyun bölgəsində patoloji limfa düyünlərinin olması gərəkir.

İncə iynə aspirasion biopsiyasına xəstə hazırlığı lazımdırmı?

Bu müayinə üçün ciddi bir hazırlıq (ac və ya tox qarnına olması fərq etməz) gərəkməz, lakin bəzi xəstələr qan durulducu preparatların (aspirin və s.) istifadəsinin 3 gün öncə dayandırması gərəkir. Tiroid incə İynə aspirasion biopsiyası (İİAB) müayinəsi ağrısızdır və hər hansı bir ağrıkəsici preparata ehtiyac duyulmur. Tiroid Incə iynə aspirasion biopsiyası düyünün bəd və ya xoşxassəli olmasını göstərən yeganə və ən dəqiq müayinə üsuludur. İİAB müayinəsi yüksək radioloji bilgi gərəktirən və çox təcrübəli həkim tərəfindən icra olunmalıdır. Biopsiyanın yaxşı götürülməsi qədər, onun təcrübəli sitopatoloq tərəfindən yüksək dəqiqliklə müayinə olunması çox vacibdir.

Müəllif

Dr. Fuad Əliyev

Zob həkimi

Dr. Fuad Əliyevin qəbuluna yazılmaq üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.