Düyünlü ur xəstəliyi (düyünlü zob) nədir?
Ətraf qalxanabənzər vəzi parenximasından fərqli olan və radioloji olaraq ayırd edilə bilən, zədələnmə sahəsinə tiroid düyünü (düyünlü zob) deyilir. Tiroid düyünləri xəstənin özü tərəfindən və bəzən həkimin fiziki müayinəsi zamanı boyunda kütlə ələ gəlməsi ilə, USM və ya başqa müayinə metodları zamanı təsadüfən (insidental) aşkar edilə bilər.
Rast gəlmə tezliyi: Palpasiya ilə (əl ilə müayinə zamanı) kişilərdə 1% və qadınlarda 5% təşkil edir.Ultrasəs müayinəsinin yayılması ilə bu rəqəm artaraq 19%-68% təşkil etmişdir.
ABŞ-da otopsiyaların nəticəsinə görə tiroid düyünlərinin rast gəlmə tezliyi 50% olaraq göstərilmişdir. Düyünlü zob xəstəliyi tək və çox düyünlü olaraq özünü göstərə bilər. Bunlar da, öz növbəsində zəhərli və zəhərsiz (eutiroid vəziyyət) formada ola bilərlər. Düyünlü ur xəstəliyi hələ xərçəng demək deyil və onların çox az bir hissəsi xərçəng xəstəliyi riski daşıyır. Belə ki, bütün tiroid düyünlərinin ancaq ~ 7%-15% xərçəng xəstəliyi riskini daşıyır (yaşdan, cinsdən, radiasiyaya məruz qalmadan, genetikadan və digər faktorlardan asılı olaraq).