30 İyun 2020

Haşimoto zobu (Autoimmun tiroidit) nədir?

Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi üçün onun şərəfinə adlandırılan, qalxanabənzər vəzin xroniki iltihabi bir xəstəliyidir. Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır. Haşimoto tireoiditi zamanı qanda çoxlu miqdarda anti-tpo və anti-tg antitelləri yaranır. Bu antitellər qalxanabənzər vəzi hüceyrələrini məhv edirlər və iltihabi proses nəticəsində qalxanabəznər vəz hüceyrələri azalır. Hormon ifraz edən hüceyrə sayı azaldığı üçün tireoid hormon yetməzliyi (tənbəl zob) yaranır.

Haşimoto xəstəliyinin simptomları hansılardır?

Adətən bir çox xəstənin heç bir şikayəti olmur. Bəzi xəstələrdə vəzi hipoplaziyaya uğrayır (kiçik zob) bunun nəticəsi olaraq tənbəl zobun simptomları üzə çıxır. Xəstələr xəstəliyin gedişindən asılı olaraq, fərqli səbəblərlə həkimə müraciət edə bilərlər. Haşimoto xəstəliyinin 3 cür gedişi müşahidə oluna bilər.

  1. Zəhərli faza: Bu zaman qanda tiroid hormonlarının yüksəlməsinə bağlı olaraq, xəstələr eyni ilə zəhərli zob zamanı görülən simptomlarla o cümlədən, ürəkdöyünmə sayında artış, əsəbilik, titrəmə və aşırı sinirlilik kimi şikayətlərlə müxtəlif ixtisaslı həkimlərə müarciət edirlər.
  2. Eutiroid faza: Bu zaman xəstənin hormonları normal olur və heç bir simptom olmur. Bəzən USM-də dəyişiklik və yaxud qanda antitellər (anti tpo və anti tg) yüksək olur. Bu zaman pasientlərə əvəzedici hormon müalicəsi təyin edilmir. Yalnız antitellərin yüksəkliyi səbəbindən Selenium (maxilen bio) elementindən istifadə oluna bilər.
  3. Hipotiroid faza: Bu zaman qanda qalxanabənzər vəzin hormonları azalır və pasientlərdə bir sıra şikayətlər əmələ gəlir. Belə ki, xəstələrdə kökəlmə, pəhrizə baxmayaraq çəkinin azalmaması, dəri quruluğu, saç tökülməsi, yorğunluq-halsızlıq, üzdə, əldə-ayaqlarda şişkinlik, qəbizlik, qadınlarda aybaşı pozğunluğu, təngnəfəslik kimi şikayətlər olur.

Haşimoto xəstəliyi hansı xəstəliklərlə birlikdə rast gəlinə bilər?

  • Qreyvs xəstəliyi
  • 1-ci tip şəkərli diabet
  • Adisson xəstəliyi (böyrəküstü vəz yetməzliyi)
  • Revmatoid artrit
  • B12 defisitli qanazlığı
  • Hipoqonadizm
  • Vitiliqo
  • Miastenia qravis
  • Hipoparatiroidizm  və s. kimi autoimmun xəstəliklərlə birlikdə rast gəlinə bilər.

Haşimoto xəstəliyi zamanı diaqnoz necə qoyulur?

Tiroid ultrasəs müayinəsində qalxanvari vəzdə ciddi exostruktur dəyişikliyi-aşağı exogenlik və yalançı düyünlər aşkarlanır. Autoimmun tiroiditdə həqiqi düyün olarsa, təqib olunur, ehtiyac olarsa biopsiya olunur. Lakin bu xəstəlikdə psevdodüyünlər, yəni yalançı düyünlər daha çox rast gəlinir. Hətta qalxanvari vəzin ultrasəs müayinəsini edən həkim bu sahədə kifayət qədər peşəkar olmadıqda psevdodüyünləri həqiqi düyün kimi yazır. Beləliklə klinik olaraq xəstəni təqib edən həkimi də yanılda bilər, lazımsız biopsiya hətta cərrahi əməliyyata səbəb ola bilər.

Haşimoto xəstəliyinin müalicəsi

Təəssüf ki, xəstəliyi tamamən sağaldan müalicə üsulu mövcud deyil. Yuxarıda da, qeyd olunduğu kimi, yalnız hipotireozu olan xəstələrə tiroid hormonu (Levotiroksin) təyin olunur. Müalicə, mütəmadi olaraq hormonlar kontrol edilərək ömür boyu davam edilir. Haşimoto tireoiditli qadınlar hamiləlik zamanı xüsusilə diqqətlə izlənməlidirlər. Hormon yetərsizliyində ana və uşaq zərər görə bilər. Hamiləlikdən öncə Levotiroksin qəbul edən qadınların hamiləlik zamanı dərmana tələbatı artır. Laktasiya dövründə də, dərman mütləq qəbul olunmalıdır.

Müəllif

Dr. Fuad Əliyev

Zob həkimi

Dr. Fuad Əliyevin qəbuluna yazılmaq üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.