16 İyun 2020

Tiroid xərçəngi

Qalxanabənzər vəzi boyunun orta xəttində yerləşir və təxminən 20-25 qram ağırlığındadır. Qalxanabənzər vəzi yod elementi istifadə edərək bədən üçün hormon istehsal edir və bu hormon orqanizmdə gedən metabolik prosessləri nizamlayır. Tireoid vəzi xəstəlikləri insanlarda  çox rast gəlinir, belə ki, təxminən hər 10 nəfərdən 3-də təsadüf edilir və adətən asimptomatik seyirlidirlər. Ancaq tireoid düyünlərinin  bəziləri xərçəng olaraq ortaya çıxır və yaxud daha sonra xərçəng xəstəliyinə çevrilə bilirlər. Digər xərçəng növləri ilə müqayisədə daha az rast gəlinir, statistik olaraq bütün xərçənglərin 1 % təşkil etməkdədir və nisbətən yaxşı proqnoza malikdirlər. Qadınlarda kişilərə nisbətən daha çox təsadüf edilir. Qalxanabənzər vəzi xərçəngi, vəzin öz hüceyrələrindən əmələ gəlir və 4 əsas növü möcuddur.

  1. Papillyar
  2. Follikulyar
  3. Medullyar
  4. Anaplastik

Papilyar xərçəng: Daha yaxşı proqnoza malikdir və bütün tireoid karsinomaların təxminən 80-85% təşkil etməkdədir. Hər yaşda rast gəlinə bilər ancaq 40 yaş ərəfələrində daha çox qeyd edilmişdir. Radioaktiv yod-131 müalicəsinə  yaxşı cavab verir.

Follikulyar xərçəng: Papilyar xərçəngdən sonra ən çox rast gəlinən növüdür. (təxminən 10-15% ) və papilyara görə daha surətli yayılma göstərir. Radioaktiv yod-131 müalicəsinə yaxşı cavab verir.

Medulyar xərçəng: Tireoid vəzisindəki C hüceyrələrindən qaynaqlanır və bütün tireoid xərçənglərinin təxminən 3-5% təşkil edir. Medullyar karsinoma C hüceyrə mənşəli olması səbəbi ilə əməliyyat sonrası kalsitonin maddəsi onkomarker kimi xəstəliyin dinamik nəzarətində istifadə olunur. Radioaktiv yod-131 izotopunu toplamadığı üçün müalicəvi əhəmiyyəti yoxdur.

Anaplastik xərçəng: Ən az rast gəlinən formasıdır (təxminən 1%). Çox surətli böyümə-yayılma göstərir və olduqca aqressiv tipidir. Müalicəsində radioterapiya və kimyəvi dərman terapiyası istifadə olunsa da, proqnozu çox pisdir.

Qeyd:Qalxanabənzər vəzin xərçəngini erkən aşkarlamaq üçün mütəmadi ultrasəs müayinəsindən keçmək lazımdır. Əgər müayinə zamanı şübhəli düyün aşkar olunarsa qızıl standart hesab olunan incə iynə biopsiyası müayinəsi ilə xərçəng xəstəliyini erkən mərhələdə aşkar etmək mümkündür.

Müəllif

Dr. Fuad Əliyev

Zob həkimi

Dr. Fuad Əliyevin qəbuluna yazılmaq üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.