Vitamin D nədir, çatışmazlığı nələrə səbəb olur?
Vitamin D nədir?
Yağda həll olan D vitamini (sekosteroid hormonu da, adlandırılır), bitki mənşəli ergosterol (vit-D2) və heyvan mənşəli 7-dehidroxolesteroldan alınan xolekalsiferol (vit-D3) kimi təsnif edilir. D2 və D3 vitaminləri eyni yolla metabolizə olunur və əvvəlcə qaraciyərdə sitoxrom P450 vasitəsiylə 25- (OH) D3-ə çevrilir, ardından böyrəklərə nəql olunur və D vitaminin aktiv forması olan 1,25- (OH) 2 D3-ə çevrilir. Eyni yolla metabolizə olunsalar da, mənbələri fərqlidir. Bitki mənşəli D2 vitamini (ergosterol) daha çox maya və göbələkdə rast gəlinsə də, qida vasitəsilə orqanizm üçün lazımi qədər təmin etmək çox çətindir. Heyvan mənşəli D3 (xolekalsiferol) isə daha çox, yağlı balıqlarda, yumurta sarısında və heyvanların qaraciyərlərində rast gəlinir.
D vitamini mənbəyi nədir?
D vitaminin miqdarının qidalarda az olması səbəbindən, orqanizm üçün lazım olan miqdarın çox az bir hissəsi (10-20% ) yeməklərlə qəbul edilir. Əhəmiyyətli bir hissəsi (80-90%) UVB şüalarının təsiri altında dəridə sintez olunur. Sintez üçün günəş işığının dəriyə birbaşa təması lazımdır. Günəş şüalarının dünya üzərinə gəlib çatdığı ən yüksək bucaq, Zenith bucağı adlandırılır və bu bucaq altında D vitamini sintezi daha yüksək olur. Ölkəmizin coğrafi mövqeyi baxımından vitamin D sintezi May-Oktyabr ayları ən uyğun zamandır. Günəşin ultrabənövşəyi süalarının daha şiddətli olduğu vaxt, saat 10.00-15.00 arasında olduğundan, bu saatlarda D vitamini sintezi üçün günəşə çıxmaq tövsiyyə olunur. Faktor səviyyəsi 15 və ya yuxarı olan günəşdən qoruyucu kremlərin istifadəsi günəş şüalarının dəriyə çatmasının qarşısını alır.
Bədənimizdə D vitaminin düzgün miqdarını göstərən ən yaxşı parametr, serum 25 (OH) D vitamini analizidir. Qanda 25 (OH) D vitaminin optimal və çatışmayan səviyyələri aşağıdakı kimidir:
- 30-100 ng / ml (75 nmol / L) arasındakı səviyyə kifayətdir
- 20-30 ng / ml (50-75 nmol / L) arasındakı səviyyə qeyri-kafidir
- 10-20 ng / ml (50 nmol / L) arasındakı səviyyə aşağı səviyyədə çatışmazlıq
- <10 ng / ml – > (25 nmol / L) səviyyə ciddi çatışmazlıq
D vitaminin aktiv metaboliti olan 1,25(OH)2 D3 -ün, yetişkinlərdə və xüsusilə uşaqlarda, serum kalsium dəyərini normada saxlamaqla, duodenumdan Ca, ileumdan ise P sorulmasını artırır.Bundan əlavə böyrəklərdəki Ca itkisinin qarşısını almaqla sümük sisteminin mineralizasiyasında aktiv rol oynayır. Orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimlənməsində təsirli olur, immun sistemini gücləndirir və tiroid funksiyalarını normallaşdırır.
D vitamini əksikliyi zamanı müşahidə olunan şikayətlər:
D vitamini çatışmayan insanların şikayətləri əsasən-saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsidir (çəki verə bilməmək).
Qanda vitamin D yoxlanılması gərəkən yüksək risk grupu sayılan insanlar:
- Yaşlılar
- Tünd rəngli dəri tipinə sahib olanlar
- Obezlər (artıq çəkili insanlar)
- Yetərli dərəcədə günəş şüası qəbul etməyənlər
- Osteoporozlu (sümük əriməsi) xəstələr
- Qeyri-travmatik (spontan) sınıqları olanlar
- Osteomalaziya
- Malabsorbsiya sindromları
- Xronik böyrək çatışmazlığı
- Xronik qaraciyər xəstəlikləri
- Hiperparatiroidi
- Şəkərli Diabet
- İnsulin dirənci
- Qalxanabənzər vəzin autoimmun xəstəlikləri
Klinik göstəricilər D vitamini çatışmazlığının dərəcəsindən və müddətindən asılıdır. Əksər xəstələr asemptomatikdir və serumda kalsium və fosfor səviyyələri bu xəstələrdə adətən normaldır. 25 (OH) D miqdarı müvafiq olaraq <20-10 ng / ml səviyyəsindən aşağı olan xəstələrin 40% -dən 51% -ə serum PTH səviyyəsinin yüksəldiyi bildirilir. Bu xəstələrdə ikincili hiperparatiroidə bağlı sümük əriməsi sürətlənib, osteoparoza səbəb olur. Ağır və uzun müddət davam edən D vitamini çatışmazlığında, sümük minerallarının sıxlığının azalması osteomalaziya, ümumi sümük-əzələ ağrısı, sümük incəliyi, əzələ zəifliyi, gəzintidə çətinlik və sınıqlar yarana bilər.
Vitamin D çatışmazlığı zamanı müalicə
Müalicədə hədəf, yetişkinlərdə serum 25(OH) D miqdarını 30-50 ng/mL səviyyəsində tutmaqdır. 25(OH) D vitaminin miqdarı 10-20 ng/mL olan insanlarda vitamin D yükləməsi edilməlidir. Bunun üçün, 50.000 IU/həftə, 6-8 həftə müddətində D vitamini verilməlidir və serum 25(OH) D miqdarının 30 ng/mL və üzərində olması hədəflənməlidir. Bundan sonra günlük doza ilə davam edilməlidir. Bunun üçün 1000-2000 İU/gün doza qəbul edilməlidir. Günlük maksimal doza isə 4000 İU/gündür.
- 0-1 yaş uşaqlarda profilaktik doza 400-600 İU/gün
- 1-18 yaş uşaqlarda 600-1000 İU/gün
- >18 şəxslərdə 1500-2000 İU/gün
Xüsusi hallarda, o cümlədən obez və malabsorbsiya sindromu olan xəstələrdə, həmçinin vitamin D metabolizmasını pozacaq digər dərmanların qəbulu zamanı isə xəstənin vəziyyətindən və qanda serum 25(OH) D dəyərindən asılı olaraq xəstələrə həkim nəzarətində daha yüksək dozalar təyin edilə bilər.
QEYD:
- Vitamin D profilaktik dozada istifadə olunduqda böyrək daşı xəstəliyi yaratmasına dair hər hansı bir elmi araşdırma yoxdur.
- 2. Profilaktik dozalarda D vitaminin istifadəsi üçün serum 25 (OH) D miqdarının ölçülməsinə ehtiyac yoxdur.
Hamilələrdə D vitaminin istifadəsi
Dölün skelet-əzələ inkişafında, kalsium və fosfor çox gərəklidir. Kalsium və fosforun sorulmasının D vitaminindən asılı olduğunu düşünərsək, hamilələrdə 4000 IU/gün doza qəbul edilməlidir.
D vitamini intoksikasiyası
Nadir də, olsa 25(OH) D dəyəri >150 ng/ml olduğu hallarda vitamin D intoksikasiyasından bəhs edilir. Bu da hiperkalsemiya ilə nəticələnir. Yüngül və orta dərəcəli hiperkalsemiya olan xəstələr asimptomatikdir. Ağır dərəcəli hiperkalsemiyası olan xəstələrdə ürəkbulanma, qusma, qarında ağrılar, qəbizlik, qızdırma, iştahsızlıq kimi şikayətlər ola bilər. Kardiovaskulyar sistemdə hipertenziya, aritmiya; MSS-də hipotoniya, letargiya, psixoza qədər gedən vəziyyətlərə yol aça bilər.
Ən çox qarşılaşdığımız hallardan biri də, xərçəng xəstələrində vitamin D istifadəsi olarmı?
Bu sahədə araşdırmalar hələ də, davam edir. D vitamini qəbul etmək xərçəng xəstəliyinin yaranmasının qarşısını almağa kömək etmir. Lakin xərçəng diaqnozu qoyulmuş insanların immun sisteminin daha da, yaxşılaşmasında və xərçəng hüceyrələrinin böyüməsinin qarşısının alınmasında rol oynadığına dair araşdırmalar vardır.